Samuxda 20 Yanvar faciəsinin 35-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.
17 yanvar 2025-ci il tarixdə Samux rayon Heydər Əliyev Mərkəzində Samux Rayon İcra Hakimiyətinin, Samux rayonu üzrə gənclər və idman sektorunun, Samux rayonu üzrə Təhsil sektorunun, Samux rayon Heydər Əliyev Mərkəzinin, Gənclərin İnkişaf və Karyera Mərkəzinin birgə təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 35-ci ildönümünə həsr olunmuş “20 Yanvar – Azadlığımıza gedən yol” mövzusunda dəyirmi masa keçirilmişdir. Tədbirdə Samux Rayon İcra Hakimiyyətinin başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Kəmalə Xəlilova, Samux rayonu üzrə gənclər və idman sektorunun müdiri Rasim İmamquliyev, Samux rayon Heydər Əliyev Mərkəzinin direktoru Nuranə Həsənova,Gənclərin İnkişaf və Karyera Mərkəzinin Gəncə Regional nümayəndəliyinin Samux rayonu üzrə kordinatoru Alagöz Quliyeva, Samux Rayon İcra Hakimiyyətinin əməkdaşları və 30 nəfər gənc iştirak etmişdir.
Tədbirdən öncə vətən uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anılmışdır. Daha sonra çıxış edənlər Samux Rayon İcra Hakimiyyətinin başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Kəmalə Xəlilova, Samux rayonu üzrə gənclər və idman sektorunun müdiri Rasim İmamquliyev, Samux rayon Heydər Əliyev Mərkəzinin direktoru Nuranə Həsənova çıxış edərək qanlı yanvar hadisələrini Azərbaycan xalqının yaddaşında və tarixində qəhrəmanlıq səhifəsi kimi daim xatırlandığını qeyd ediblər. 1990-cı ilin yanvarında SSRİ qoşun hissələrinin Bakıya yeridilməsi nəticəsində ölkəmizin azadlığı uğrunda mübarizəyə qalxmış dinc sakinlərə qarşı törədilmiş vəhşiliklər və dəhşətli cinayətlərdən bəhs olunub. 20 Yanvar hadisələrinin Azərbaycanın milli kimliyini formalaşdırdığı, qəhrəmanlıq tariximizdə istiqlaliyyət uğrunda xalqımızın apardığı milli azadlıq hərəkatının zirvəsi kimi tariximizə həkk olunduğu vurğulayıblar.
Tədbirin sonunda 20 Yanvar hadisələrindən bəhs edən “20 Yanvar -Danışan talelər” filmi nümayiş olunub.
Oxunub: 73