Düz söz təhlükəlidir.



Düz söz təhlükəlidir.
Vəzifə sahibləri üçün satirik təlimat
Əziz vəzifə sahibləri,
əgər kimsə düz söz danışırsa  dərhal tədbir görün.
Axı düz söz çox təhlükəlidir: yaltaqların işini azaldır,
vicdanın səsini yüksəldir,
adamı düşünməyə məcbur edir. Bu isə çox yorucudur.
Düz danışanı susdurun ki, rahat olasınız.
Çünki yaltaqlar sizə deyəcək ki, hər şey əladır, günəş gecə də sizin üçün çıxır, xalq isə sırf sizi sevdiyi üçün susur.
Onlara inanın onlar sizi elə bir uzağa aparacaq ki, qayıtmağa nə yol tapacaqsınız, nə də üz.
Tənqiddən inciməyin demirik,
sadəcə onu eşitməmək üçün mikrofonu söndürün.
Güzgüyə baxmaq əvəzinə güzgünü sındırın.
Həqiqət acıdır deyirlər  siz isə şəkər yeyin, diabet olsa da olar, amma həqiqət olmasın.
Unutmayın, bu gün güc sizdədir.
Sabah isə tarix yazacaq:
Bunlar düz danışanı yox etdi,
amma yaltaqların əlində özlərini tapdılar.
Ona görə, bir az dayanıb düşünün:
bəlkə düz söz düşmən deyil,
bəlkə o, sizi xilas etməyə gələn son qonaqdır?

Alxas Məmmədov.

Oxunub: 41
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az