Qədimov Zəka Rəcəb oğlu.
Qədimov Zəka Rəcəb oğlu. Şamaxı rayonunda idmanın inkişafında əməyi olan müəllimlər sırasında Qədimov Zəka Rəcəb oğlu öz zəhməti, məsuliyyəti və səmimiyyəti ilə seçilən pedaqoqlardandır. Zəka müəllim Şamaxı idman müəllimləri içərisində tanınmış simalardan biridir. O, daim öz üzərində çalışan, yeniliklərə açıq, peşəkar və işinə məsuliyyətlə yanaşan müəllim kimi kollektiv və şagirdlər arasında böyük hörmət qazanıb. Qədimov Zəka Rəcəb oğlu 02 fevral 1994-cü ildə Şamaxı rayonunun 1-ci Çağan kəndində anadan olub. 2001-ci ildə Şamaxı rayon 1-ci Çağan kənd ümumi orta məktəbinin birinci sinfinə daxil olub, 2010-cu ildə həmin məktəbin 9-cu sinfini bitirib. Elə həmin il Şamaxı Humanitar Kollecinin Fiziki tərbiyə müəllimliyi ixtisasına qəbul olunub. 2014-cü ildə kolleci uğurla başa vurduqdan sonra hərbi xidmətə yollanıb və 2016-cı ildə hərbi xidmətini başa çatdırıb. 2018-ci ildə müəllimlərin işə qəbulu üzrə imtahanda iştirak edərək 41.1822 bal toplayıb və Dağ Bağırli kənd tam orta məktəbinə Fiziki tərbiyə müəllimi təyin olunub. 2021-ci ildə müəllimlərin iş yerinin dəyişdirilməsi üzrə müsabiqədə iştirak edərək M.K. Veysov adına 6 nömrəli tam orta məktəbə yerdəyişmə edib. Hazırda həmin məktəbdə Fiziki tərbiyə müəllimi kimi fəaliyyətini uğurla davam etdirir. Zəka müəllim kollektivindən olduqca razıdır və daim ona göstərilən dəstəyə görə M.K. Veysov adına 6 nömrəli tam orta məktəbin rəhbərliyinə və pedaqoji heyətinə minnətdarlığını bildirir. Onun sözlərinə görə, sağlam və mehriban kollektiv mühiti müəllimin daha səmərəli fəaliyyət göstərməsində mühüm rol oynayır. Subay olan Zəka müəllim bütün diqqət və enerjisini müəllimlik fəaliyyətinə, şagirdlərin fiziki inkişafına və sağlam həyat tərzinin təbliğinə yönəldib. Qeyd edək ki, belə fədakar və məsuliyyətli müəllimlərin fəaliyyəti Şamaxıda idmanın və sağlam nəslin formalaşmasına mühüm töhfə verir.






















