Azərbaycan idmanında zəhməti, iradəsi və vətənpərvərliyi ilə seçilən məşqçilərdən biri də Sahib Nəsibov Cəmil oğludur. 27 may 1980-ci ildə Beyləqan rayonunda anadan olan Sahib müəllim həm idmançı, həm məşqçi, həm də gənclərə örnək olan müəllim kimi tanınır. Onun həyat yolu göstərir ki, idmana sevgi, Vətənə sədaqət və gənclərə düzgün tərbiyə vermək insanı zirvələrə aparan ən böyük gücdür.
Sahib müəllimin idmana marağı uşaqlıq illərindən başlayıb. Məktəb dövründə yarışlarda fəal iştirak etməsi onun bu sahəyə bağlılığını daha da gücləndirib. 2004-cü ildə Ağcabədi Pedaqoji Texnikumuna daxil olaraq bədən tərbiyəsi və fiziki hazırlıq müəllimi ixtisası üzrə təhsil alıb, 2008-ci ildə məzun olub. 2003-cü ildən Karate Federasiyasında məşqçi-müəllim kimi fəaliyyətə başlaması isə onun həyatını idmana həsr etməsinin başlanğıcı olub.
Lakin Sahib Nəsibov təkcə idmançı deyil. O, Qarabağ uğrunda gedən döyüşlərdə iştirak edərək Vətən qarşısında borcunu yerinə yetirib. O deyir ki, idman insanı gücləndirir, amma Vətən sevgisi insanı daha möhkəm və qürurlu edir. Qarabağ ruhu onun məşqçi fəaliyyətində də hiss olunur – o, hər bir gənci həm güclü idmançı, həm də vətənpərvər vətəndaş kimi yetişdirməyə çalışır.
Uzun illərin zəhməti Sahib müəllimi böyük uğurlara aparıb. 2018-ci ildə ona Əməkdar Məşqçi fəxri adı verilib. 2023-cü ildə Alpaqut Döyüş Sənəti üzrə 41–45 yaş, 85+ kq çəki dərəcəsində Azərbaycan çempionu olub. Elə həmin ilin dekabr ayında Türkiyənin Bursa şəhərində keçirilən Dünya çempionatında qızıl medal qazanaraq dünya çempionu adını qazanıb. 2024-cü ildə Gürcüstanın Kutaisi şəhərində təşkil olunan Dünya Kubokunda da qalib olub. 29 sentyabr 2024-cü ildə isə Alpaqut üzrə II san qara kəmər dərəcəsinə layiq görülüb.
Sahib müəllim üçün ən böyük uğur qazandığı medallar deyil, yetişdirdiyi tələbələrdir. Onun fikrincə, idman yalnız fiziki hazırlıq deyil, həm də əxlaq, intizam, hörmət və Vətən sevgisidir. O deyir ki, gənclər boş vaxtlarını telefonda deyil, idman zallarında keçirməli, sağlam həyat tərzi seçməlidirlər. Tələbələrindən isə ilk növbədə yaxşı insan, valideynlərinə və müəllimlərinə hörmət edən, Vətənini sevən və cəmiyyətə faydalı vətəndaş olmağı gözləyir.
– İdmanda uğurun sirri nədir?
– Uğurun sirri zəhmət, səbir və intizamdır. Hər gün öz üzərində işləyən idmançı gec-tez nəticə əldə edir.
– Gənclərə əsas tövsiyəniz nədir?
– Sağlam həyat tərzi seçsinlər, idmanla məşğul olsunlar, pis vərdişlərdən uzaq dursunlar. İdman onları həm güclü, həm də düzgün düşünən insan edəcək.
–Tələbələrinizdən nə gözləyirsiniz?
– Onların ilk növbədə yaxşı insan olmasını istəyirəm. Medal qazanmaq gözəldir, amma insanlıq daha önəmlidir.
Sahib Nəsibov qazandığı uğurlara görə dövlətimizin idmana göstərdiyi diqqət və qayğını xüsusi qeyd edir. O, ölkə başçısı İlham Əliyev cənablarına, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi kollektivinə və Beyləqan Rayon İdman İdarəsi rəhbərliyinə idmana və idmançılara göstərilən dəstəyə görə minnətdarlığını bildirir. Onun sözlərinə görə, dövlət qayğısı sayəsində Azərbaycan idmançıları dünya arenalarında bayrağımızı qürurla dalğalandırırlar.
Sahib Nəsibov Cəmil oğlu həm Qarabağ döyüşçüsü, həm dünya çempionu idmançı, həm də gənclərə yol göstərən müəllim kimi tarixə düşüb.
Alxas Məmmədov.