Nəsimi rayon İcra Hakimiyyətində rayonun şəhid ailələri və müharibə əlilləri ilə görüş keçirilib.
Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Tahir Budaqovun təşəbbüsü ilə keçirilən görüşdə Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov, Qarabağ Müharibəsi Veteranları, Əlilləri və Şəhid Ailələri İctimai Birliyinin sədri Mehdi Mehdiyev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətininin Nəsimi rayon idarəsinin rəisi Ceyhun Əliyev, şəhid ailələri, müharibə əlilləri, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri iştirak ediblər.
Tədbirdə əvvəlcə Azərbaycan xalqının Ümummilli lideri, Ulu öndər Heydər Əliyevin və Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edildi.
Tədbiri giriş sözü ilə açan Rayon İcra Hakimiyyətinin başçısı Tahir Budaqov uzun illər işğal altında olan doğma Qarabağ torpaqlarının işğaldan azad edilməsinin şanlı tarixini xatırladaraq bildirdi ki, Vətən müharibəsi günlərində nümayiş etdirilən sarsılmaz döyüş ruhu, yüksək peşəkarlıq və qətiyyət Azərbaycan ordusunun qüdrətini, eləcə də xalq-ordu birliyinin sarsılmazlığını bütün dünyaya nümayiş etdirdi. Bu möhtəşəm Qələbə Ali Baş Komandan İlham Əliyevin müdrik, uzaqgörən və qətiyyətli siyasəti, xalqımızın həmrəyliyi və Şanlı Azərbaycan ordusunun misilsiz şücaəti sayəsində əldə olundu. Tarixi qələbənin təməlinin Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulduğunu xüsusi vurğulayan natiq qeyd etdi ki, şəhid ailələrinin və müharibə əlillərinin sosial müdafiəsinin gücləndirilməsi dövlət siyasətində xüsusi yer tutur. Bu istiqamətdə həyata keçirilən ardıcıl və məqsədyönlü tədbirlər şəhid ailələrinin və müharibə iştirakçılarının rifah halının yaxşılaşdırılmasına, sosial təminatlarının daha da möhkəmləndirilməsinə xidmət edir. Onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması, məşğulluq imkanlarının genişləndirilməsi, tibbi və psixoloji dəstəyin artırılması bu siyasətin əsas tərkib hissələrindəndir. Qeyd olundu ki, Ümummilli lider Heydər Əliyevin şah əsəri olan müasir Azərbaycan Respublikası bu gün müzəffər Ali Baş Komandan İlham Əliyevin uzaqgörən və praqmatik idarəçiliyi nəticəsində ardıcıl və hərtərəfli inkişaf yolu keçməkdədir.
Görüşdə Nəsimi rayon İcra Hakimiyyəti Başçısı Aparatının Şəhid ailələri və müharibə iştirakçıları ilə işin təşkili sektorunun müdiri Kamal Quluzadə çıxış edərək rayonda şəhid ailələrinə və müharibə iştirakçılarına göstərilən diqqət və qayğıdan danışaraq bu istiqamətdə həyata keçirilən tədbirlər barədə iştirakçılara geniş arayış təqdim etdi.
Daha sonra çıxış edən, "Qarabağ Müharibəsi Veteranları, Əlilləri və Şəhid Ailələri" İctimai Birliyinin sədri Mehdi Mehdiyev qeyri-hökumət təşkilatları ilə yerli icra orqanları arasındakı sıx əməkdaşlıqdan bəhs edərək bu istiqamətdə görülən işləri qeyd etdi.
Tədbirdə digər çıxış edənlər - iki şəhid anası Lətifə Novruzova, şəhid anası Alimə Cəfərova, şəhid atası Bağı Hüseynov və Qarabağ müharibəsi əlili Azər Quliyev çıxış edərək onlara göstərilən diqqət və qayğıdan danışmış, göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci-vitse prezidenti Mehriban xanım Əliyevaya öz dərin minnətdarlıqlarını bildirmişlər. Xüsusi vurğulandı ki, şəhid ailələrinə və müharibə əlillərinə göstərilən diqqət və qayğı təkcə sosial müdafiə tədbiri deyil, həm də milli həmrəyliyin möhkəmləndirilməsi, mənəvi dəyərlərimizin qorunması və dövlətçilik ənənələrinə sədaqətin ifadəsidir. Bu yanaşma cəmiyyətimizdə vətənpərvərlik ruhunun daha da güclənməsinə, gənc nəslin milli ideallara bağlılıq ruhunda tərbiyə olunmasına mühüm töhfə verir.
Sonda şəhid ailələrini və müharibə əlillərini maraqlandıran suallar cavablandırılmış, qaldırdıqları məsələlərin operativ həlli ilə əlaqədar aidiyyəti şəxslərə müvafiq tapşırıqlar verilmişdir.
Oxunub: 29
Youtube Kanalımız
Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az