Azərbaycan Dövlət Pedaqoji Universiteti.
Azərbaycan Dövlət Pedaqoji Universiteti və ya qısaca ADPU — pedaqoji kadrların hazırlığı ilə məşğul olan dövlət ali təhsil müəssisəsi.
Əvvəlki adları Ali Kişi Pedaqoji İnstitutu, Azərbaycan Dövlət Ali Pedaqoji İnstitutu, V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutu, V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji Universiteti, N.Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti.
Şüarı- "Ənənələrə sadiq, yeniliklərə açıq universitet!"
Azərbaycan Pedaqoji İnstitutu (indiki Azərbaycan Dövlət Pedaqoji Universiteti) 26 avqust 1921-ci ildə hökumətin qəbul etdiyi 66 saylı qərarla alitəhsilli müəllim kadrları hazırlamaq üçün təsis edilib. Keçən bir əsrlik dövr ərzində daha da inkişaf edərək 8 fakültəyə malik ölkəmizin ən görkəmli ali məktəblərindən birinə çevrilib. Onun ilk buraxılışı 1923–1924-cü tədris ilində olmuşdur. İlk dövrlərdə Ali Pedaqoji Kişi və Ali Pedaqoji Qadın İnstitutları kimi fəaliyyətə başlasa da, böyük tarixi inkişaf yolu keçən Azərbaycan Pedaqoji İnstitutu XX əsrin 90-cı illərində Azərbaycan Dövlət Pedaqoji Universiteti adını alıb. ADPU-nun tarixinə və keçdiyi yola nəzər salanda görürük ki, Azərbaycan SSR Xalq Komissarları Sovetinin (XKS) sədri Nəriman Nərimanovun imzaladığı 1921- ci il 26 avqust tarixli dekret əsasında 6 nəfər tələbə ilə milli dildə fəaliyyətə başlayan bu ilk ali pedaqoji təhsil ocağı yeni təşkil olunan I və II dərəcəli məktəbləri yüksəkixtisaslı pedaqoji kadrlarla təmin etmək məqsədilə yaradılmışdır. Bununla yanaşı, institut tədris və elmi-pedaqoji fəaliyyəti dövründə müxtəlif çətinliklərə məruz qalmışdır. İki dəfə (1927-1929-cu illər və 1941-1943-cü illərdə) fəaliyyəti dayandırılmış, Azərbaycan Dövlət Universiteti (indiki Bakı Dövlət Universiteti) ilə birləşdirilmişdir. Lakin zamanın bütün çətinliklərindən şərəflə çıxaraq Azərbaycanda milli mədəniyyətin, elm və təhsilin inkişafında xüsusi xidmətləri olan müəllim kadrları yetişdirməklə, millətin mənəvi potensialının formalaşmasında önəmli rolunu qoruyub saxlamışdır.
Abdulla Şaiqin təşəbbüsü ilə yaradılan ilk anadilli məşhur "Nümunə Məktəbi" də ADPU-nun nəzdində fəaliyyət göstərib. Məktəbin direktoru Qafur Əfəndizadə (Qantəmir) idi.ADPU ölkəmizdə ali pedaqoji məktəblər arasında universitet statusu alan ilk tədris və elm ocağıdır. Belə ki, 1991-ci ildə Nazirlər Kabinetinin müvafiq qərarı ilə bu ali məktəbə universitet statusu verilmişdir. Zəngin elm və təhsil ənənələrinə malik olan ADPU respublikamızda ali pedaqoji təhsilin bayraqdarı hesab edilir.
Qeyd etmək lazımdır ki, institutun ali təhsil ocağı kimi formalaşmasında və inkişafında Azərbaycan hökumətinin başçısı N.Nərimanov, xalq maarif komissarı D.Bünyadzadə, dövrün görkəmli ziyalıları - M.Quliyev, Ü.Hacıbəyli, V.Xuluflu, Ə.Übeydulin, B.Çobanzadə və sair ziyalıların xidməti əvəzsizdir. 100 il əvvəl yaranmış institutun ilk direktoru Odessa Universitetinin məzunu Fətulla bəy Rzabəyli, direktor müavini Tiflis Müəllimlər İnstitutunun məzunu Həbib bəy Mahmudbəyov olmuşdur.Bu günədək ADPU-nun 160 mindən çox məzunu olub. İnstitut bərqərar olunarkən kadrları arasında bir nəfər də alimi olmayan ADPU bu günə kimi saysız-hesabsız professorlar, dosentlər, elmlər namizədləri, akademiyanın müxbir üzvləri və s. elm xadimləri hazırlayıb. Hazırda ADPU-da filiallar və Pedaqoji Kolleclə birlikdə təxminən 20 minə yaxın tələbə təhsil alır. Universitetdə 70-ə yaxın elmlər doktoru, 60-dan çox professor, 300-ə yaxın dosent, 350-dən çox fəlsəfə doktoru çalışır. ADPU-da ali təhsilin bakalavriat səviyyəsində 22 ixtisas, magistratura səviyyəsində isə 20 ixtisas üzrə pedaqoji kadr hazırlanır.
Azərbaycan Respublikası Prezidentinin 24 oktyabr 2013-cü il tarixli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda nəzərdə tutulan ən mühüm vəzifələrdən biri də müasir tələblərə cavab verən təhsil infrastrukturunun yaradılması və təhsil müəssisələri şəbəkəsinin rasionallaşdırılmasıdır. Dövlət Strategiyasının bu tələblərinə uyğun olaraq, ölkə Prezidentinin 26 noyabr 2015-ci il tarixli Sərəncamı ilə Azərbaycan Müəllimlər İnstitutunun (AMİ) ADPU-ya qoşulması və onun filiallarının da ADPU-nun strukturuna daxil olması nəticəsində ADPU ölkədə pedaqoji kadr hazırlığı ilə məşğul olan vahid ixtisaslaşmış ali təhsil müəssisəsinə çevrilmişdir.[1] Bununla yanaşı Nazirlər Kabinetinin 3 fevral 2016-cı il tarixli qərarı ilə Bakı Sənaye-Pedaqoji Kolleci Azərbaycan Dövlət Pedaqoji Kollecinə (ADPK) birləşdirilməklə ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kolleci kimi fəaliyyət göstərməyə başlayıb.[2] Qeyd edək ki, dövlət başçımızın 2016-cı il 29 aprel tarixli Sərəncamı ilə ADPU-nun Qazax filialı Bakı Dövlət Universitetinə, Zaqatala filialı isə Azərbaycan Dövlət İqtisad Universitetinə verilib.[3] Hazırda ölkənin 5 müxtəlif regionunda ADPU-nun Şəki, Quba, Ağcabədi, Cəlilabad və Şamaxı filialları fəaliyyət göstərir. Azərbaycan Respublikası Təhsil nazirinin 20 iyul 2016-cı il tarixli əmri ilə Bakı şəhərindəki Məmməd Rahim adına 7 nömrəli tam orta məktəb 2016-2017-ci tədris ilindən etibarən ADPU-nun baza məktəbi kimi müəyyən olunub. Bu əmrin verilməsi ölkəmizdə ardıcıl şəkildə həyata keçirilən təhsil islahatlarının, eləcə də yüksəkixtisaslı pedaqoji kadrların hazırlanması prosesinin tərkib hissəsidir və nəticə etibarilə təhsilin keyfiyyətinin yaxşılaşmasına xidmət edir.Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialı 13 iyun 2000-ci ildə Ümummilli Lider Heydər Əliyevin 349 saylı fərmanı ilə N.Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialının bazasında Azərbaycan Müəllimlər İnstitutunun Şamaxı filialı kimi yaradılmışdır. Fəaliyyətdə olduğu 21 il ərzində Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialında bakalavr pilləsində pedaqoji kadr hazırlığı ilə yanaşı, pedaqoji kadrların ixtisasının artırılması və yenidən hazırlanması sahəsində də səmərəli işlər aparılmışdır.
ADPU-nun Şamaxı filialında professor-müəllim heyəti elmi tədqiqat işlərində xeyli uğurlu nəticələr əldə ediblər. Təkcə 2019-cu ildə filial əməkdaşları tədris üçün zəruri 3 dərs vəsaiti, 1 monoqrafiya, 1 dərslik, 43 elmi və elmi-metodiki məqalə, 1 metodik vəsait, 5 konfrans tezisi hazırlayaraq nəşr etdirmişlər.
ADPU-nun Şamaxı filialının respublikanın bir sıra nüfuzlu ali məktəbləri ilə yanaşı Türkiyə, Makedoniya, Rusiya, İtaliya və Gürcüstan Respublikasının nüfuzlu ali məktəbləri ilə əməkdaşlıq əlaqəsinin nəticəsidir ki, filialda 17-18 may 2017-ci il tarixlərində “III Beynəlxalq Həmzə Nigari Türk Dünyası Mədəni İrsi Simpoziumu” keçirilib. Növbəti il Turkiyə Respublikasının Amasiya şəhərində həmin simpoziumun davamı olaraq keçirilən tədbirdə filialın əməkdaşları da iştirak ediblər. ADPU-nun təşkilatçılığı ilə Şamaxı filialında 2 iyun 2018-ci il tarixində respublika səviyyəli “Müəllim, məni yaradıcılığa ruhlandır!” mövzüsunda keçirilən “Pedaqoji oxu”da respublikanın 12 rayonundan ümumilikdə 200 nəfər qabaqcıl təhsil işçisi iştirak etmişdir.
Filialda Elmi Şura, Tələbə Gənclər Təşkilatı, Tələbə Elmi Cəmiyyəti və Tələbə Həmkarlar Təşkilatı kimi strukturlar yüksək fəallıqla fəaliyyət göstərir.
Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev.Azərbaycan Pedaqoji İnstitutu böyük və çətin yol keçmişdir. Onun kollektivi Azərbaycan ümumtəhsil məktəbinin inkişafında böyük xidmət göstərmiş, institut xalq maarifi üçün yüksəkixtisaslı kadrlar ocağına çevrilmişdir. Özünü müəllimliyə həsr etmiş insan ən şərəfli insandır. İndiyə qədər yaranmış təməlin üzərində dayanan Azərbaycan təhsili bundan sonra daha da təkmilləşəcəkdir. Azərbaycan müəllimləri ən yüksək mənəviyyata, vətəndaşlıq hislərinə malik olan insanlardır.