Sumqayıt şəhər 1 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər İdman Məktəbində Şərqi Zəngəzur Regional Gənclər və İdman İdarəsinin əməkdaşlarının və Şərqi Zəngəzur Voleybol Klubunun direktoru, Şərqi Zəngəzur İqtisadi rayonuna daxil olan bölgələrdə fəaliyyət göstərən uşaq gənclər idman şahmat məktəblərinin direktorları və voleybol üzrə məşqçi-müəllimlərin iştirakı ilə görüş keçirilib.
Tədbiri giriş sözü ilə açan Regional İdarənin rəisi Natiq Abbasov Azərbaycan Voleybol Federasiyası tərəfindən Şərqi Zəngəzur Voleybol Klubunun təsis olunması bu istiqamətdə həyata keçirilən uğurlu addımlardan biri olduğunu qeyd edərək, Klubun gələcək fəaliyyəti üçün bölgədən olan məşqçi-müəllimlərin fəallıq göstərməsinin vacibliyini vurğuladı.
Yeni yaradılmış Klubun məqsəd və fəaliyyət istiqamətləri barədə Şərqi Zəngəzur Voleybol Klubunun təsisçisi, taekvando idman növü üzrə Dünya çempionu Niyaməddin Paşayev qeyd etdi ki, federasiya tərəfindən bütün maddi və texniki təminatla təchiz ediləcək klubun gələcək fəaliyyəti haqqında məlumat verərək bildirdi ki, görüşün keçirilməsində məqsəd bölgədən olan və voleybol idman növü üzrə məşqçi-müəllimlər heyətini formalaşdırmaqdır.
Klubun direktoru Azər Əfəndiyev və idman direktoru, əməkdar məşqçi Elmira Ağakişiyeva bu hərəkata yerli məqşçilərin qoşulması üçün vacib olan şərtlər haqqında geniş məlumat verdikdən sonra görüş iştirakçılarının sualları cavablandırılıb. Sonda qarşılıqlı maraq doğuran məsələ ətrafında geniş fikir mübadiləsi aparılıb, təkliflər səsləndirilib.
Oxunub: 151