Yana-yana ud ağlayar, Qarlı dağda qurd ağlayar.
O, uzaqlara tələsən yorğun yolçudu
Poeziya (bütünlükdə ədəbiyyat) zamanın ən qaynar hücrələrində bir neçə həqiqətlə əks edir - mifik, real, tarixi, mental əsaslı, şüurüstü, yaradıcı, qismən də formal. İnsan (oxucu) qəlbi bu həqiqətləri bir xarakterdə ehtiva etsə də, dövr, mühit ayrı-ayrı səmtlər tapır. Lakin poetik düşüncə sahibləri zaman boşluğunda burulğanlara düşən gerçəkləri yox olmaq təhlükəsindən qurtarır, bununla yeni bir ideoloji işin əsasını qoyurlar. İstedadlı şair Ürvət Əfqanoğlu da balanslaşmış orbitlərdə fərqli atmosfer tapmaq üçün zamana, real (ədəbi) faktlara söykənərək leqal əhatəli fikirlər kəsb edir, kodlaşmış mənaları zehni təfəkkürdə cəmləşdirir. Heç şübhəsiz, onun tutarlı, sanballı qələm nümunələrində ən başlıca komponent gerçəyə tapınmaqdır; o, mifik deyil, real fikrə ekskurs edir, duyğusal məqamları belə poetik-inandırıcı vahidlərə uyğunlaşdırır. Bütün bunları Ürvətin 2021-ci ildə «Maarif» nəşriyyatında işıq üzü görmüş «Ömür, hara tələsirsən?» adlı şeirlər kitabında da müşahidə etmək mümkündür. Bu kitab Ürvət Əfqanoğlunun fikir xəritəsidir - orada poetik an duyğusal tərənnümlə başlayır, pünhan məcralarda təlatümə uğrayır, sonra da (müəllif) bir anın içində az zamanda daşlaşan gerçəklərə güzgü tutur. Ona görə bu kitabda zəruri-effektiv və ictimai məna ürəkyaxıcıdır, müəllif mənəvi zərurətlərə (öz şəxsi fonunda) bir təsnifat verir, əsas da səmimi-konkret fikirlərin kompozisiya və ictimai-ədəbi məğzini maraqlı statuslar kimi təqdim edir.
Ürvət Əfqanoğlu əsasən xalq yazı tipində yazır, ancaq həm də müasirdir, modern ovqatlara da nüfuz edə bilir. Məsələn:
...Yana-yana ud ağlayar,
Qarlı dağda qurd ağlayar
Mən öləndə...
*
Nə qədər bu dünyadasan,
Günah etmə qat-qat, ömrüm.
Yaradanın kitabında
Ölüm var hər saat, ömrüm.
*
...Necə deyim, şir mənəm,
Seyid mənəm, pir mənəm.
Dörd divardı, bir mənəm -
Bütün gecə beləyəm...
Nümunə gətirdiyimiz bu parçalarda Ürvət üçün (əsl zahirdə) həqiqət bütün gerçəklərin ictimai zərurətidir. Belə deyək, onun fəlsəfi sözləri şifrələnmiş şəkildə bu həqiqətə (bir az da) mifik-real təsəvvür verir və bu fikirlər özü də öz kod açılışlarında zahiri əlamətlər təcəssüm etdirir. Təkcə «Yaradanın kitabında Ölüm var hər saat, ömrüm» ricəti həyatın insan üçün, insanın da həyat üçün hansı uzaqlıqda olduğu qənaətini ortaya qoyur.
Belə başa düşürük ki, Ürvət Əfqanoğlunun ədəbi dil ünsürləri bir çevrə daxilində (və xaricində) tarixi həqiqətlərə çıxışdır. Bu mənada, o, poetik-bədii resursları bəzən mifik-kosmoloji proyeksiya ilə açmağa çalışır və yaddaşdan itmək üzrə olan reallıqları balanslaşdırır.
Söz adamı,
Köz adamı.
Bu dünyanın
öz adamı
mən özüməm...
*
Bilmirəm nə deyim, könlün xoş olsun,
Daha məndən sorma halını, dünya.
Çaldılar başından namərd adamlar
Papağını, dünya, şalını, dünya...
*
Mən arxasız yaşadım
Mənim dağım olmadı...
Açığı, Ürvətin şeirlərindəki zərrəvi zəmin bizə həyatın ədəbi-coğrafi komponentləri və uzunluq-en vahidləri barədə doğru-dürüst düşünmək cəsarəti verir. Onun mentallığı əks etdirən obrazlı ifadələri çoxxassəli söz kimidir, bu ifadələrin müxtəlif hərf-səs qarşılığında eyni məntiq durur.
Parlaq istedadlı şair Ürvət Əfqanoğlu ən adi fikrində belə cəmiyyət resurslarını (müfəssəl) ehtiva edir. Onun yaradıcılığınının ədəbi və fəlsəfi predmeti şəxsiyyət faktorudur və bu müstəvidə o, məsuliyyət hissinin fövqündə durmağı bacarır...
Maraqlı haldır ki, Ürvət fikir və düşüncəmizdə öz ovqatını qəfil bir sıçrayışla görünməzliyə sövq edən insan surəti kimi diqqət çəkir. Ürkək duyğulu anların onun üçün xüsusi bir özəlliyi var. O, bu əhatədə qəlb cilalayır. O, bu işıqlı səmtdə ağ və qara sevdaların cəngindədir. Onun məhz bu vadidə alın yazıları möhürlənib. Bəlkə də bu səbəbdən biz onun arada diqqətimizdən yayınmayan narahat baxışlarında qəribə bir üşütmə görürük. Həm də nədənsə insanlıq zirvəsinə yüksəldən məqamlar onu bizə bəzən də min illərin yorğun yolçusu kimi təqdim edir.
...Gözlərimdə şaxta, ayaz,
İçim dərin, çölüm dayaz.
Səngi bir az, gecik bir az,
Ömür, hara tələsirsən?
Məhz elə o yorğunluq sanırıq ki, Ürvətin könül aynasında bir tələskənlik qırışı açır. Onun «Səngi bir az, gecik bir az, Ömür, hara tələsirsən?» «yalvarışı» həyatın tale ilə «davasına» bir az da şahidlik etmək anlamına gəlir. Yəni, Ürvət əhatəsində qaldığı dilemmadan xətərsiz çıxmaq, məğlubiyyət acısı dadmamaq üçün ən hürkək duyğusunu da çəpərə alıb.
Biz Ürvət Əfqanoğlunun «Ömür, hara tələsirsən?» kitabını daha geniş mənada tədqiq edə bilərdik, buna lüzum görmədik. Çünki tutarlı poetik təlatümləri bizi onun şair olmasına inandırıb.
Sənə yeni-yeni yaradıcılıq uğurları arzulayırıq, Ürvət!
Hikmət Məlikzadə,
Şair-ədəbiyyatşünas, Prezident mükafatçısı