Müəllimlərin sevimlisi – Ələddin Səfərli.
Səfərli Ələddin Əlvan oğlu 22 avqust 2008-ci ildə Qobustan şəhərində anadan olmuşdur. 2015-ci ildə birinci sinfə qəbul olmuşdur. Hal-hazırda Qobustan şəhəri Elyar Vəliyev adına 2 nömrəli tam orta ümumtəhsil məktəbin on birinci sinfində oxuyur. Adı həmişə istedadlı şagirdlər sırasında çəkilir. Fənn Olimpiadalarında həmişə fəal iştirak etmişdir. Altıncı sinifdə oxuyarkən informatika və yeddinci sinifdə isə kimya fənlərindən Respublika Fənn Olimpiadasında iştirak edərək, yüksək sıralarda olmuşdur.
2025-ci ildə Azərbaycan dili və ədəbiyyat fənni üzrə yarımfinalda müvəffəqiyyətlə iştirak etmişdir.
Ümummilli lider H. Əliyevin 102-ci ildönümü ilə əlaqədar Rayon Təhsil Sektoru tərəfindən keçirilən inşa müsabiqəsində birinci yerə çıxaraq, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Qobustan Rayon Komitəsinin fəxri fərmanına layiq görülmüşdür. Bu yaxında ümummilli lider H. Əliyevin anadan olmasının 103-cü ildönümü ilə əlaqədar Dağlıq Şirvan Regional Təhsil İdarəsi tərəfindən keçirilən ən yaxşı təqdimat müsabiqəsində Ələddin bilik və bacarığını uğurla nümayiş etdirərək, rayon üzrə birincilik əldə edib, final mərhələsinə yer qazanmışdır.
Məhz təhsildəki uğurlarına görə Ələddin Qobustan Rayon İcra Hakimiyyəti Başçısının fəxri fərmanına layiq görülmüşdür.
Müəllimləri onun zəhmətini yüksək qiymətləndirərək xoş sözlər söylədilər;
Məktəbin direktor müavini İlqar Alcanov : Ələddin bizim ən sevimli şagirdlərimizdəndir. Mən bir tarix müəllimi olaraq həmişə ondan razı qalmışam. Onun davranışı, əxlaqı ev tərbiyəsinin də göstəricisidir. Məktəbimizdə keçirilən bütün tədbirlərdə, eləcə də şəhid valideynləri ilə görüşlərdə fəal iştirak edir və öz çıxışı ilə seçilir. Əldə etdiyi nailiyyətlər biz müəllimləri də həmişə sevindirmişdir.
Məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Dilarə Bağırova: Ələddin hər zaman dərslərə böyük maraq və həvəs göstərir. Çətin suallara belə dəqiqliklə cavab verir, daima yeni biliklərə can atır. Onun öz üzərində işləmək istəyini çox yüksək qiymətləndirirəm. Bir fənn müəllimi olaraq, etimadımı heç vaxt boşa çıxarmır və zəhməti ilə həm mənim, həm də hər kəsin nümunəsi olur. Onun çalışqanlığı və məqsəd yönümlü fəaliyyəti təqdirəlayiqdir. Əminik ki, Ələddin buraxılış imtahanında da yüksək uğur qazanacaq. Onun ən böyük arzusu hüquqşünas olmaqdır. Bu arzusuna çatmaqda uğurlar diləyirəm.
Azərbaycan dili və ədəbiyyat müəllimi Səmid Bəyimov: Ələddin Səfərli dərs zamanı həm yazılı, həm də şifahi nitqi ilə də öz savadlılığını biruzə verir. O, bütün fənlərə maraq göstərir. Hələ mən Rayon Təhsil Sektorunda işləyərkən onun inşa yazılarındakı dolğun cümlələrin münsiflər tərəfindən yüksək qiymətləndirildiyinin şahidi olurdum. Ələddinin nizam-intizamlı, əxlaqlı olmasında ailə tərbiyəsinin də böyük rolu olmuşdur. Onun analtik düşünmə və problemlərin həll etmə qabiliyyəti alqışa layiqdir.
Biz də öz növbəmizdə Ələddin Səfərlinin gələcəkdə daha böyük nailiyyətlər əldə edəcəyinə inanır və hər addımında yeni uğurlara imza atmasını diləyirik...