Milli hərb tariximizdə Cəmşid xan Naxçıvanski izi.
Azərbaycanın milli hərb tarixində özünəməxsus xidmətləri olan görkəmli sərkərdə, peşəkar hərbiçi Cəmşid xan Naxçıvanski 1895 - ci il avqustunda Naxçıvan şəhərində zabit Cəfərqulu xanın ailəsində doğulub. İlk təhsilini ailə içində ata - babasından alıb, rus və fransız dillərini öyrənib. 1903 - 1906 - cı illərdə İrəvanda xüsusi pansionatda oxuyub. Kiçik yaşlarından hərb sənətini sevməsi, bu sənətə böyük maraq göstərməsi onu Tiflisə - hərbi yunkerlər hazırlayan Kadet məktəbinə gətirib. O, 1907 - 1914 -cü illərdə bu məktəbdə təhsil alıb. 1914 - cü ilin avqustunda isə Qərbi Ukraynanın Yelizavetqrad şəhərində Qvardiya məktəbinə daxil olub. Birinci Dünya müharibəsinin başlanması ilə əlaqədar bu məktəbdə 4 aylıq kurs keçib. Az müddət ərzində yaxşı işi, nümunəvi davranışı və qətiyyətliliyi ilə kollektivin hörmətini qazanıb. Cəmşid xan Naxçıvanski 3 aydan sonra - 8 noyabr 1914 - cü ildə yunker-unter rütbəsi alıb. 4 aylıq kursu bitirdikdən sonra isə ona 1 dekabr 1914 - cü ildə o dövr üçün ilk zabit rütbəsi sayılan-praporşik rütbəsi verilib.
Cəmşid xan I Dünya müharibəsinin ən ağır döyüş bölgələrindən biri olan Cənub-Qərb cəbhəsində döyüşərək, babalarının şanına və şərəfinə layiq olan cəsarət və igidlik göstərib. Gənc zabit bu qanlı müharibədə üç dəfə ağır yaralanıb, müalicə olunaraq təkrar döyüşlərə qatılıb. Cəmşid xanın göstərdiyi şəxsi döyüş nümunəsi və şücaəti ordu rəhbərliyi tərəfindən yüksək qiymətləndirilib, sərkərdə ən ali mükafatlarla təltif olunub. Birinci Dünya müharibəsi başa çatdıqdan sonra o, tabeliyində olan hərbi hissə ilə birlikdə Vətənə qayıdıb, Azərbaycan Xalq Cümhuriyyətinin təşkil etdiyi Milli ordu quruculuğunda, həmçinin cümhuriyyətin müdafiəsində fəal iştirak edib. 1918 -ci il sentyabrın 15 - də Bakının erməni daşnaklarından və “Sentrokaspi diktaturası” qüvvələrindən təmizlənməsində fəallıq göstərib. Bu xidmətlərinə görə ona podpolkovnik rütbəsi verilib, ardınca Azərbaycan milli hökuməti 1920 - ci il 24 mart tarixli əmrlə Cəmşid Naxçıvanskini II Qarabağ süvari alayına komandir təyin edilib. O, Qarabağda erməni daşnaklarına qarşı ağır döyüşlərdə iştirak edərək Əskəran qalasının, Ağdamın, Xankəndi və Şuşanın azad olunmasında əsl igidlik göstərib.
Azərbaycanda sovet hakimiyyəti qurulanda Xalq Komissarları Sovetinin sədri Nəriman Nərimanov Cəmşid Naxçıvanskini Sovet Azərbaycanının ordu quruculuğunda iştirak etməsi üçün Bakıya dəvət edir. Cəmşid xan Qarabağdan Bakıya qayıdır. Əvvəlcə Azərbaycan Birləşmiş Komanda Məktəbinə təsərrüfat rəisi, daha sonra məktəbin rəisinin birinci köməkçisi vəzifəsinə təyin edilir. Bu illərdə Cəmşid xan vaxtının böyük hissəsini məktəbin müdavimləri ilə keçirərək milli hərbi kadrların yetişdirilməsi istiqamətində fəaliyyətini qurur.
1921 - ci ildə Cəmşid Naxçıvanskiyə daha çətin və məsuliyyətli bir vəzifə - Azərbaycanın ilk Milli Atıcı Diviziyasını yaratmaq tapşırılır. O, hərbçi peşəkarlığı ilə bütün bacarığını və gücünü diviziyanın yaradılması işinə sərf edir. Diviziyaya komandirliyi dövründə bir neçə dəfə ali akademiya kurslarında iştirak edir. Bütün qoşun növlərinin strategiyasını mükəmməl öyrənir və hərbi işi dərindən bilən bir komandir kimi Bakıya qayıdır. Onu da qeyd edək ki, Cəmşid Naxçıvanski 1921 - 1931 -ci illərdə komandirlik etdiyi diviziyanın döyüş intizamını və döyüş hazırlığını ən yüksək səviyyəyə çatdırmışdı. Sərkərdə şəxsi heyətin siyasi-ideoloji hazırlığını yüksəltmək məqsədilə diviziyanın “Hərbi bilik” jurnalını təsis etmiş və dərgidə ən aktual mövzularla çıxış etmişdir. O, 1928 - ci ildə isə Sevastopol Hərbi Məktəbinə hava hücumundan müdafiə kurslarına göndərilmiş, öz işinin öhdəsindən layiqincə gəlmiş və qısa zaman ərzində hərb kollektivinin hörmətini qazanmışdır.
1931 - 1934 - cü illərdə diviziya komandiri Cəmşid Naxçıvanski Moskvada M.V.Frunze adına Hərbi Akademiyada təhsil almış, akademiyanı fərqlənmə diplomu ilə bitirərək orada müəllim kimi işləməyə başlamış və ümumi taktika kafedrasına rəhbərlik etmişdir. Görkəmli şəxsiyyətin hərbi xidmətləri yüksək qiymətləndirilmiş və ona 1935 - ci ildə general-mayor rütbəsi verilmişdir.Bununla yanaşı Cəmşid Naxçıvanski akademiyada gənc sərkərdələr nəslinin hazırlanmasında da əməyini əsirgəməmişdir…
Naxçıvanskilər nəslinin layiqli davamçısı olan Cəmşid Naxçıvanski Birinci Dünya müharibəsində döyüş xidmətlərinə görə bir sıra yüksək dərəcəli orden və medallar da təltif edilmişdir.
Sovetlər birliyi dövründə hərb sənətinin inkişafında və kadr hazırlığı sahəsində səmərəli fəaliyyət göstərməsinə, dəfələrlə mükafatlandırılmasına baxmayaraq, 30 - cu illərin repressiya dalğası Cəmşid Naxçıvanskinin də taleyindən yan keçmir. Əvvəllər Azərbaycan Xalq Cümhuriyyətinin zabiti olduğu üçün daim nəzarətdə saxlanılır, ona qarşı təqiblər get-gedə artır, haqsız ittihamlar irəli sürülür. Bu illər ərzində Cəmşid Naxçıvanski bir neçə dəfə həbs olunur. 1938 - ci ildə Cəmşid xan Naxçıvanskiyə olan inamsızlıq daha da artır. 1938 - ci ilin mayında isə o, həbs olunur. İki aydan artıq davam edən həbsin ardından generala 26 avqust 1938 - ci ildə keçirilən məhkəmə iclasında ölüm hökmü çıxarılır.Xalqımızın digər görkəmli nümayəndələri kimi Cəmşid xan da haqsızlığa məruz qalaraq repressiya qurbanına çevrilir. İllər sonra - 1956 - cı ildə ona SSRİ Ali Məhkəməsi tərəfindən rəsmi bəraət verilir…
Bəraətindən illər sonra 22 oktyabr 1982 - ci ildə Naxçıvan şəhərində Cəmşid Naxçıvanskinin ev-muzeyi açıldı. Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının Mədəniyyət Nazirliyinin 22 noyabr 1982 - ci il tarixli əmri ilə Cəmşid xan Naxçıvanskinin ata evi muzey kimi təsdiq olundu. Görkəmli hərbiçinin ev-muzeyi rəsmi olaraq 1987 -ci ilin noyabrında açıldı və həmin muzey bu gün də milli hərb tariximizdə dərin iz qoymuş Cəmşid xan Naxçıvanskinin adını, onun fəaliyyətini keçmişdən günümüzə şərəflə, tarixi həqiqətlərin fonunda düzgün şəkildə yansıda bilir…
Məcid RƏŞADƏTOĞLU
Oxunub: 258